Türk ədəbiyyatının iki böyük fikir zəlzələsi - Tevfik Fikrət və Mehmet Akif

«Din və ona söykənən bir əxlaq şüurundan məhrum olan ədəbiyyat böyük ola bilməz...».
Tomas Eliotun bu fikri Tevfik Fikrətlə Mehmet Akif arasında baş verən ədəbi, əxlaqi, ideoloji və estetik çatışmaya aydınlıq gətirə bilirmi?
Tevfik Fikrətin «Tarixi-Qədim»i din və ona söykənən bir əxlaq şüuruna bağlı deyil. Nəinki bağlı deyil, hətta bu şüura arxa çevirib. «Tarixi-Qədim» Türkiyə tarixində teolojidən və metafizik düşüncədən imtina edən, modern Türkiyəni ümmət mədəniyyətindən qurtaran (Ziya Gökalp) ilk ədəbiyyat nümunəsidir. Din və ona söykənən əxlaq şüuruna qiyam qaldıran «Tarixi-Qədim»in böyük ədəbiyyat olmadığını kimsə iddia edə bilməz. Çünki o, Türk poeziyasında bəlli və əski paradiqmaları yenisi ilə əvəz edən, bəlkə modern dalğanı hərəkətə gətirən ilk şeirdir. Mehmet Akifin isə bütün yaradıcılığı başdan-başa din və ona söykənən bir əxlaq şüuruna, metafizik düşüncəyə bağlıdır. Mehmet Akif də Tevfik Fikrət qədər böyükdür. Türk şeirinin bu iki nəhəngi — biri dinsiz, digəri dindar nəhəngi təkcə Türkiyənin deyil, bizim də fikir həyatımızda hər zaman var oldular. Azərbaycanda onların ikisi də sevildi. Azərbaycan otuz il əvvəl milli mücadilə dalğasına Tevfik Fikrətin «Millət Şərqisi» ilə girdisə, otuz il sonra Qarabağ savaşından Mehmet Akifin "İstiqlal Marşı" ilə çıxdı.

Davamı →