Uşaqların səlib yürüşü

Sərsərinin hekayəsi
Mən rahibliyə hazırlaşan yoxsul sərsərinin biriyəm, meşələrdə, yollarda dolaşıb Tanrı xatirinə çörək dilənirəm, mən elə bir mənzərə görmüşəm ki, ona baxmaq da savabdır və balaca uşaqların səsini eşitmişəm. Müqəddəs adam olmadığımı bilirəm və yol üstündəki cökə ağaclarının altında yoldan çıxdığım da olub. Mənə şərab verən qardaşlar onu içməyə çox da öyrəşmədiyimi görür. Amma mən uşaqları şikəst edənlərdən deyiləm. Sonra diləndirib pul yığmaq üçün uşaqların gözlərini ovan, ayaqlarını kəsən, əllərini bağlayan zalım adamlar da var. Məhz buna görə o uşaqları görəndə dəhşətə qapıldım. Tanrımız onları qoruyacaq, buna şübhə yoxdur. Rabitəsiz və məntiqsiz danışıram, çünki sevinclə doluyam. Mən bahara və gördüyüm mənzərəyə görə gülürəm. Ağlım elə də iti deyil. On yaşım olanda dini təhsil almışdım, amma latın sözlərinin hamısı yaddaşımdan uçub gedib. Mən çəyirtkəyə oxşayıram: gah ora, gah da bura tullanıram, cırıldayıram, hərdən də rənbərəng qanadlarımı açıram; balaca başım isə şəffaf və boşdur. Deyilənlərə görə müqəddəs İoann səhrada çəyirtkə yeyirmiş. Doymaq üçün çoxlu çəyirtkə yemək lazımdır. Amma müqəddəs İoann bizim kimi deyildi, bizdən fərqlənirdi.

Davamı →