Oxuduğunu bil, bildiyini anla, anladığını yaşa...

Hələ uşaqlıq illərindən bəri həmişə bir şeyi müşahidə eləmişəm ki, biz ya hansısa imtahan üçün oxuyuruq, ya da elə-belə vaxt öldürmək üçün.

Ona görə də çox zaman oxuduqlarımızı elə çöldən alıb, çöldən də yola salırıq. Bəlkə də, bəzi kitabları bizə tələbəlik illərində məcburi oxutduqları üçün bizdə oxu, oyrən, dərk et belə vərdiş yaranır. Amma iş orasındadır ki, Şərqin tanınmış mütəfəkkirlərini də elə həmin münasibətlə, həmin düşüncə ilə vərəqləyirik. Aşura günü baş yarmaq, zəncir vurmaq çoxumuz üçün adi haldır. Hamımız da özümüzü İmam Hüseyn aşiqi hesab eləyirik. Amma həyatımıza baxanda tamam fərqli mənzərə görürük. Çünki insan sevdiyinə bənzəməyə çalışar, sevdiyini də gərək yaxşı tanıyasan. Biz isə ya tanıya bilmirik, sevə bilmirik, ya da bənzəmək istəmirik. İmam Hüseyn aşiqi olan gərək yalan danışmasın, yaltaqlanmasın, haqsızın önünə keçib yolunu kəssin, xeyirxahlıqdan, yaxşılıqdan başqa bir şey düşünməsin, ədaləti bərpa eləmək üçün başından keçə bilsin… Bütün bunları düşünəndə özümdən utanıram. onu da etiraf edək ki, ümumiyyətlə klassik ədəbiyyatımız bizə doğru-düzgün tədris və təbliğ edilməyib. Sovet təbliğatı aparatından keçirilərək sosialist realizmi yağında qovrulan mütəfəkkirlərimizin döş cibinə partiya bileti olmasa da ən azı komsomol bileti soxublar. Üstəlik də, Nizami, Xaqani kimi sənətkarların əsərləri dilimizə çevrilərkən çox ciddi xətalara yol verilib, Füzuli haqqında bu zamana qədər qəbul olunmuş tezislər gerçəyi əks etdirmir. Etiraf edək ki, bu gün ölkəmizdə Nizamini, Füzulini tam demirəm, əslinə yaxın bilənləri barmaqla saymaq olar. 
Bir məsələni unuduruq ki, oxumaqda əsas məqsəd mənən zənginləşmək olmalıdır, istər şeir oxuyaq, istər həndəsə. Amma iş orasındadır ki, bəzən nəyi və niyə oxuduğumuzu da bilmirik. Nə isə…


Ardı →