Diplomatiya nədir?

Məlum olduğu kimi, diplomatiya xarici siyasətin ayrılmaz tərkib hissəsidir. Xarici siyasət diplomatiyanın məq­sədləri və vəzifələrini müəyyən edir, diplomatiya isə öz növbəsində, özündə xarici siyasətin həyata keçirilməsi üçün istifadə edilən praktiki tədbirlərin, həmçinin forma­lar, metodlar və vasitələrin məcmusunu ehtiva edir. Dip­lomatiya və xarici siyasət ayrılmaz və vahid bütövlük təş­kil edirlər, eyni bir prosesin bir-birini tamamlayan tərəfləridirlər.
Hesab edilir ki, diplomatiya onun müasir klassik anlamında gündəlik dövlət fəaliyyətinin xüsusi növü kimi XVI əsrin sonları-XVII əsrin əvvəllərində formalaşmışdır. Məhz bu zamanlardan  kralların və hökmdarların saraylarında daimi diplomatik nümayəndəliklər yaranır, həmçinin xarici nümayəndə heyətlərinin qəbulu, diplomatik danışıqlar və yazışmalar üzrə xüsusi dövlət qurumları fəaliyyət göstərməyə başlamışdı. Beynəlxalq münasibətlər tarixində diplomatiyanın mahiyyətini və ayrı-ayrı tərəflərini açıqlayan müxtəlif təriflər məlumdur.
I Napoleon hesab edirdi ki, diplomatiya təmtəraqlı libas geyinmiş siyasətdir. Ingilis diplomatı E.Satou diplomatiyanı «müstəqil dövlətlər arasında rəsmi əlaqələrin həyata keçirilməsində ədəb və ağlın tətbiqetməsi» kimi tərif edir.


Ardı →

Etimadnamə

Etimadnamə (lettres de creance) – səfirin dövlətin nümayəndəsi kimi statusunu rəsmi şəkildə təsdiqləyən (təsbit edən) sənəddir. Sənəddə səfirin dövlət başçısı və hökuməti adından deyəcək hər şeyə inanmaq, etimad etmək xahişi əks olunur; məhz buna görə də sənəd etimadnamə adlanır.
Etimadnamələrini təqdim edən əcnəbi səfir böyük siyasi əhəmiyyət kəsb edən addım atır – dövlət başçısı ilə ilk rəsmi kontakta daxil olur. Buna görə bütün ölkələrdə təqdimetmə mərasimi diqqətlə, diplomatik protokola təsbit edilmiş qaydalara tam xırdalıqlarına riayət edilməsi ilə işlənib hazırlanır. Bu qaydadan hər hansı yayınma səfirə və onun təmsil etdiyi dövlətə qarşı hörmətsizlik kimi izah edilə bilər.
Ardı →

Diplomatiyada birincilik

Ümumən qəbul edilib ki, diplomatik nümayəndəlik başçılarının birinciliyi onların ranqı – dərəcəsindən asılıdır: səfir, ali komissar yaxud apostol nunsisi; föv­qəl­adə elçi və səlahiyyətli nazir, yaxud Vatikan elçisi (nadir hallarda təsadüf edilən ranq); işlər üzrə müvəkkil en titre yaxud en pied (titulu, rütbəli).
Hər növ ranq çərçivəsində isə birincilik müvafiq diplomatik nümayəndəlik başçısının vəzifəsinə keçməsi zamanı ilə müəyyən edilir. Dövlət başçısına etimadnamələrin verilməsi tarixi, yaxud xarici işlər nazirinə gəlişi barədə bildirişin və ya xarici işlər nazirinə etimadnamənin nüsxəsinin verilməsi tarixi nəzərə alınır. Hər şey bu və ya digər dövlətin rəhbər tutduğu təcrübədən asılıdır. Əksər ölkələrdə dövlət başçısına etimadnamənin verilməsi tarixi nəzərə alınır, bəzi dövlətlər etimadnamənin nüsxəsinin verilməsi anını qəbul edirlər.
Əgər eyni zamanda bir neçə diplomatik nümayəndəlik başçısı etimadnamələrini təqdim edirsə, birincilik onların təmsil etdiyi dövlətin adının birinci hərfinin fransız yaxud ingilis əlifbasında yerindən, yaxud onların öz vəzifələrini icra etməsi anından keçdiyi müddətdən asılı olaraq müəyyən edilir.
Ardı →