Toxuculuq, parçaçılıq

Azərbaycan xalqının qədim sənət və peşələrindən biri toxuculuqdur. Daha doğrusu, bu işlə bağlı olan parça istehsalıdır. Zəngin naxışlı, rəngarəng çeşidli toxumalar — parçalar daim xalq ustalarının bədii fikir və yaradıcı təxəyyülünü özündə əks etdirib, xalqın bədii estetik tərbiyəsinin inkişafında mühüm rol oynayıb. Eyni zamanda dövrünün inkişaf tarixini özündə yaşadır… Onu da deyim ki, parça istehsalı ta qədim zamanlardan lifli materialların: yun, pambıq, ipək, kətan və boyaq bitkilərinin bol olduğu yerlərdə intişar tapıb...
   
   Məlumdur ki, XIX əsrin axırlarında ölkə iqtisadiyyatında müəyyən durğunluq yaranır. Ancaq sənətkarlıq, o cümlədən toxuculuq sənəti öz inkişafından qalmır. Hadisələrin dinamik inkişafı Rusiyada kapitalist münasibətlərinin yeni mərhələyə keçməsinə təkan verir. Kustar istehsalın bəzi sahələrində tədrici inkişaf özünü göstərir. İlk manufaktura müəssisələri yaranır. Boyaq istehsalı artır. Bəzi toxuculuq mərkəzlərində əl dəzgahlarının bir hissəsini buxar maşını əvəz edir. Toxucu kustar fabriklər yaranır. By da qədim irsə malik ənənəvi naxışlı parçaların istehsalına mənfi təsir göstərir. Parçaların dekorativ həlli sadələşir… İstehsalda əsasən üç üsuldan istifadə olunur: toxuma naxış, basma naxış və tikmə naxış. Bu üsulla tafta, qanovuz, darayı, mov, cecim, alaca, tətinlik, xasqırmızı parça istehsalı XX əsrin əvvəllərinə kimi Şamaxı, Gəncə və Naxçıvan şəhərlərində geniş istehsal olunub. 
   
   Tafta- Bu parça ipəkdən toxunur, saya və naxışlı olub. “Tafta” sözünün izahı İranda yer adı ilə bağlıdır. Bu parça sapının zərif tovluluğu, sıxlığı, davamlılığı, naxışlarının sadəliyi və rəng harmoniyasının ifadəli həlli ilə digər növ parcalardan fərqlənir. Azərbaycanın milli toxumalarından olan tafta hələ XV-XVIIəsrlərdə Avropa və Rusiyada böyük şöhrət qazanıbmış. 

   Qanovuz parçanın sap sıxlığı taftaya nisbətən çoxdur. Qanovuzun əriş sapları tovlu olur. Rəngləri də sarı-yaşıl, qara-qırmızı, göy-qırmızı olur. Üzərinə işıq düşəndə bərq vuraraq müxtəlif rəng çaları yaranır. Rəng çalarına görə xalq arasında “şahi”, “cənnəti”, “gecə-gündüz”, “səhər-axşam” kimi adlarla tanınıb. Sapının keyfiyyətindən asılı olaraq iki cür (əsl qanovuz və xam qanovuz) toxunub.
Ardı →