1.2.1.Pul sistemi: mahiyyət və struktur
Pul sistemi — ölkədə pul dövriyyəsinin tarixən təşəkkül tapmış və qanunvericiliklə təsbit olunmuş quruluşudur. Pul sisteminin əsas elementi pul kimi iqtisadi kateqoriyadır. Pullar xüsusi növ mal olub, bir sıra funksiyaları yerinə yetirən ümumi bir ekvivalentdir:
- dəyər ölçüsü – müxtəlif mal və xidmətlərin dəyərlərinin ölçülməsi və müqayisə edilməsi üçün istifadə olunur. Malların pulla ifadə olunmuş dəyəri onların qiymətini təşkil edir. Qiymət miqyası elə bir mexanizmdir ki, dövlət bu mexanizm vasitəsilə pulların bu funksiyasını reallaşdırır;
- yığım vasitəsi - pulların istənilən anda öz nominal dəyərini itirmədən ödəniş vasitəsi kimi istifadə oluna bilmək qabiliyyətidir (mütləq likvidlik);
- dövriyyə vasitəsi – pulların mal və xidmətlərin hərəkətində vasitəçi rolunu oynamaq qabiliyyəti, həmçinin digər ödəniş əməliyyatlarının həyata keçirilməsi üçün istifadə olunmasıdır;
- ödəniş vasitəsi – mal və xidmətlərin kreditlə satışında, yəni möhlətli ödəniş zamanı meydana çıxır. Bu funksiyanın mənbəyini kredit və bu iqtisadi münasibət əsasında əmələ gəlmiş borc öhdəlikləri təşkil edir;
- beynəlxalq pullar – mal, xidmət və kapitalın beynəlxalq dövriyyədə istifadə olunmaq imkanı, bütün funksiyaları təkcə bir dövlət çərçivəsində yox, bütün dünya birliyi çərçivəsində yerinə yetirməsidir. Müasir mərhələdə pul vahidlərinin heç biri göstərilən funksiyanı tam mənada yerinə yetirmir.
Ardı →