İlk qadın kinorejissorumuz- Qəmər Salamzadə

«Molla Nəsrəddin”çi şair-publisist, aktyor Əliqulu Qəmküsarın gəncliyindən səhnəyə meyl edən, Bakı Pedaqoji təhsilini yarımçıq qoyub, Moskvada kinorejisorluq sənətinə yiyələnmiş qızı Qəmər Salamzadənin ikinci rejissor Aleksandr Popovla birgə quruluş verdiyi «Dəcəl dəstə» (ssenari müəllifi-Yuri Fidler.) 1937-ci ildə Bakı kinostudiyasında çəkilən yeganə bədii-oyun film kino tariximizin ikinci uşaq filmi oldu. Titrlərdən göründüyü kimi, Bakıdakı beynəlxalq  məktəbdə cərəyan edən hadisələr burada ən çox sevilən coğrafiya dərsində baş verir.

Hindistan cəngəlliklərindəki vəhşi pişiklərin ov axtarmasından danışan müəllimi din­lə­mək­lə xəyala dalıb özünü ovçu kimi görən Heydərin yanındakı Olyaya  o yerlərə getməyi təklif etməsi ilkin süjeti yaradır. Xəritədə Hin­distanı göstərməli olan Heydərin müəllimin tapşırığını Olyanın yerindən göstərdiyi işarələr hesabına yerinə yetirməsi komizmi artırır. Heydərin Olyaya evdə Hindistan oyunu oynamağı təklif etməsilə epizod tamamlanır. Kanitapin küçəsindəki 21 saylı evin həyətində Olyanın gətirdiyi dibçəkdəki bitki və palaz ilə ağaca söykənmiş nərdivana dırmaşan Heydərin cəngəllik yaratmaları şərti mühiti reallaşdırır. Xəyalpərvərlikdən uzaq ölkələr haqqında təsəvvürdən uzaq olan Mişa ilə Qrişanın onları lağa  qoymaları ziddiyyətin tərəflərini nizamlayır. Rəngləməklə pələngə bənzədən Bobik adlı itin arxasınca düşən Heydərin dərsdən əlavə vaxtlarda kimya ilə məşğul olan Yusifə rəğmən bekarçılıqdan havaya köpük uçuran Mişa ilə Qrişanı da ovçuluq oyununa cəlb etməsi tamaşalılığı artırır. Beləliklə hər gün dərsdən sonra dəridən paltarlar geyinib özlərini pələngə bənzədən Mişa ilə Qrişanın  məktəbin qarşısında Olyanın üzərinə cummalarına maraq göstərən sinif rəhbəri Anna Pavlovnanın şagirdlərin bu oyunu pioner düşərgəsində davam et­dirə­cəklərinə söz verdikdə Heydərin ətrafında artan həvəskarların əllərinə «nizə» götürüb cəngəllik oyununa qoşulmaları kütləviliyi artırır.
Ardı →