"KÜLKƏMAN" - İsveç nağılı

Uzaq bir ölkədə, şahlıqların birində bir kəndli yaşayırdı. Bu kəndlinin üç oğlu vardı. Onlardan böyüyü və ortancılı zəhmətkeş və çalışqan idilər, kiçiyi isə dünyada tayı — bərabəri olmayan bir tənbəl idi. Bütün günü sobanın yanında oturar və külün içində eşələnərdi. Dırnaqları caynaq kimi uzanmış, saçlarına isə nə vaxt daraq dəydiyi heç kimin yadına gəlmirdi, buna gorə də onu Külkəman adlandırırdılar.

Heç bir məsləhət və heç bir hədə- qorxu Külkəmanı işləməyə vadar edə bilmirdi. Nəhayət atası boğaza yığıldı, Külkəmana bir az yol azuqəsi verdi və dedi:

-      Bəsdir havayı ata çörəyi yedin!İndi də get öz bəxtini sına, Külkəman!-  və onu evdən qovdu.

Külkəman az getdi,  çox getdi,  gəlib  boyük bir meşəyə çatdı və orda azdı. Yol azuqəsi də artıq bitmişdi və o nə edəcəyini bilmirdi. Kədərli halda bir kötüyün üstündə oturdu və acı-acı ağlamağa başladı. İndi o evlərində olanda tənbəllik etdiyinə görə çox peşman olmuşdu.

Qaş qaraldı, meşədə bayquşlar, canavarlar ulamağa başladı. Külkəman gecələmək üçün yer axtarmaq fikrinə düşdü. Birdən  uzaqdan bir işığın gəldiyini gördü  və o səmtə getməyə başladı. Bir xeyli yol getdikdən sonra o böyük bir çaya rast gəldi. Çayın o biri üzündə bir qəsr dururdu, qəsri dəmir divarlar əhatə edirdi. Qəsrin pəncərələrinin birində işıq yanırdı. Külkəman əynini soyundu, paltarlarını kürəyinə bağladı və üzərək çayın dayaz yerindən keçməyə başladı. Çay dərin idi və suyu iti axırdı. Oğlan çayı güc-bəla ilə keçdi. Sahilə çıxdı, əynini geyindi, nəfəsini dərib qəsrin ətrafına dolanmağa – içəri girməyə qapı axtarmağa başladı. Qapı isə yox idi. Birtəhər dəmir divarların birində darvaza tapdı və darvaza öz-özünə açıldı.


Ardı →