Yeni Dövrün başlanğıcı (XVII əsrin ortası – XVIII əsrin ortası)

Avropada baş verən ingilis burjua inqilabı (1642-1660) kapitalizm dövrünün başlanmasından xəbər verdi.  İngiltərə sənayesinin inkişafına ciddi fikir verir, əvvəlcə Hollandiyanı və sonralar isə müəyyən müddətə Fransanı satış bazarlarından sıxışdırıb çıxarır. İngiltərə  iri müstəmləkəçi dövlətə çevrilir. Lakin buna baxmayaraq məhz Fransa bu dövrdə coğrafiya və xəritəşünaslıq sahəsində görkəmli işlər görür.
Avropa ölkələrində inkişaf etməkdə olan kapitalizmə coğrafi biliklər lazım idi. Dəniz yollarını idarə etmək, ticarəti nizama salmaq, fabrik, zavod müəssisələrini yaratmaq və onları xammalla təmin etmək və s. üçün coğrafi məlumatlar tələb olunurdu.
Böyük kəşflərin sürəti XVII əsrin ortalarına zəifləyir. Bu müddətdən sonra materiklərin daxili hissələri və onların təbii sərvətlərinin öyrənilməsinə daha çox diqqət yetirilir. Materiklərin təbii zonalarının bitki, heyvan aləmi, faydalı mineralları öyrənilir və əhalinin demoqrafik vəziyyəti üzərində müşahidələr aparılır.


Davamı →

Yeni dövrün coğrafiyası (XVIII əsrin ortasından – XIX əsrin ortasına qədər)

On səkkizinci əsrin ortası və on doqquzuncu əsrin birinci yarısında Avropanın bir sıra ölkələrində sənaye inqilabı baş verir, kapitalizm sürətlə inkişaf edir və onun texniki bazası möhkəmlənir. Bu dövrdə, xüsusilə İngiltərə xeyli güclənir və öz rəqiblərini sıxışdıraraq dünyanın ən böyük müstəmləkəçi dövlətinə çevrilir. Həmçinin Rusiyanın da beynəlxalq nüfuzu artır, onun ərazisi xeyli genişlənir və ölkə Qara dənizə çıxış əldə edir. Fransanın başı inqilablara və Napoleonun apardığı müharibələrə qarışır, nəticədə Şimali Amerikadakı torpaqlarını itirir. ABŞ 1776-cı ildə özünü müstəqil elan edir.
Coğrafiyanın tarixində Yeni mərhələ XVIII əsrin 60-cı illərindən sonra daha qabarıq şəkildə nəzərə çarpmağa başlayır. Belə ki, istehsal münasibətlərinin inkişafı elmin, ədəbiyyatın, incəsənətin də hərtərəfli inkişafına səbəb olmuşdur, bir sıra yeni elm sahələri meydana gəlmişdir. İndi artıq adi faktları sadalamaqla məhdudlaşan təsviri tədqiqatlar deyil, praktiki əhəmiyyətli eksperiment əsasında qoyulmuş, sistemləşdirilmiş, dərin riyazi təhlillərlə əsaslandırılmış yeni elmi tədqiqat işləri tələb olunurdu.


Davamı →