Var-dövlət Allahın imtahanıdır

Bir gün İmam Cəfər Sadiq (ə) öz səhabəsi Əban ibn Təğlibdən soruşdu: “Elə düşünürsən ki, əgər Allah bir kəsə bu dünyada mal-dövlət və vəzifə veribsə, demək, onu çox sevir və bu nemətlər Allahın həmin adamı çox sevdiyini göstərir? Bəlkə elə bilirsən ki, əgər Allah bir kəsi öz nemətlərindən məhrum etsə, onu kasıblığa düçar etsə, ona görədir ki, Allah yanında onun qədr-qiyməti yoxdur və Allah onu sevmir? Amma həqiqətdə qətiyyən belə deyil. Mal-mülk Allaha məxsusdur, Allah onu əmanət kimi insanların öhdəsinə buraxıb. Insanlara icazə verib ki, ədalətlə bu nemətlərdən yeyib-içsinlər, özlərinə paltar tədarük etsinlər, bu vəsaitlə evlənsinlər, özlərinə minik alsınlar və yaşayışlarını orta yolla davam etdirsinlər. Əgər bu nemətlər onların ehtiyacından artıq qalsa, kasıblara və mömin insanlara yardım göstərsinlər, onların çətinliklərini həll etsinlər. Hər kəs Allahın mülkü ilə bu şəkildə ədalətlə rəftar etsə, hər nə qədər xərcləsə və hər nə etsə də ona halaldır. Bu şərt daxilində yeyib-içməyə, geyimə, miniyə və evlənməyə xərclədiyi pullar da ona halal olar. Amma hər kim israf etsə və sərvəti başqa yollarda xərcləsə, ona haram olar”. Sonra o həzrət buyurdu: “Israf etməyin, çünki Allah israf edənləri sevməz! Ey Əban! Elə düşünürsən ki, Allah öz lütf və mərhəmətindən bir kəsə əmanət olaraq mal-dövlət versə, o adam özünə on min dirhəmlik at ala bilər? Bir halda ki, iyirmi dirhəmlik at da onun ehtiyaclarını ödəməyə qadirdir. Yaxud iyirmi dinarlıq kənizlə də kifayətlənə bildiyi halda, min dinarlıq kənizi almağa haqqı var?”. Sonda bir daha təkrar etdi: “Həddi aşmayın! Allah israf edənləri sevməz”. Həqiqətən, mal-dövlət, vəzifə, şan-şöhrət, gözəllik, əsil-nəcabət kimi dünyəvi nemətlər bəzən insan üçün ən çətin imtahana çevrilir.


Ardı →

Ən murdar yer

Bir filosof öz var-dövləti, şan şöhrəti ilə fəxr edən bir varlının evində imiş, söhbət vaxtı tüpürməyi gəlir, sağa -sola baxır, münasib bir yer tapmadığı üçün ağzının yığılmış tüpürcəyini ev sahibinin üzünə tüpürür. Orada olanlar məlamət və məzəmmətə başlayırlar. Filosof deyir:
-Ədəb və nəzakət qaydaları tələb edir ki, tüpürcək ən çirkin və ən murdar yerə tüpürülsün, mən də nə qədər ətrafıma göz gəzdirdimsə, nadanlıqda şöhrət tapmış bu kişinin üzündən  daha murdar və çirkin yer tapmadım. (Əxlaqi Nasiri)
Davamı →