Avtomobil sığortası

Avtomobilin sığortasına aşağıdakı sığorta növləri daxildir:
1. Tam kasko (tam avtokasko).
2. Natamam kasko (natamam avtokasko).
3. Mülki məsuliyyətin məcburi sığortası.
4. Bədbəxt hadisədən sığorta.
5. Əlavə avadanlığın sığortası.

Avtomobillərin ziyandan sığortası kasko (və ya natamam kasko) adlanır. Əgər siz avtomobilinizi üstəlik oğurlanmaqdan da sığorta etdirmək istəyirsinizsə, onda belə sığorta tam kasko adlanır.

1. Tam kaskoya aşağıdakılardan müdafiə daxildir: oğurlanmaqdan, yol-nəqliyyat hadisəsindən (kimin təqsirkar olmasından asılı olmayaraq), üçüncü şəxslərin hüquqazidd hərəkətlərindən, avtomobilin üzərinə hər hansı əşyaların düşməsindən, yanğından, partlayışdan, təbii fəlakətlərdən.
2. Natamam kasko da tam kasko kimidir, lakin avtomobilin oğurlanmasına qarşı sığorta buraya daxil deyil.
3. Mülki məsuliyyətin məcburi sığortası hazırda məcburi sığorta növü olaraq zərərçəkənin avtomobilinin təmirini və sağlamlığına vurulan ziyanın kompensasiyasını əhatə edir (əgər yol-nəqliyyat hadisəsi sizin təqsiriniz ucbatından baş veribsə).
4. Bədbəxt hadisədən sığorta siz və avtomaşınınızda olan sərnişinlər zərər çəkdikdə sığorta ödənişi verilməsini nəzərdə tutur.
5. Əlavə avadanlığın sığortası sığorta hadisəsi baş verdikdə avtomobildə olan bütün avadanlıqların sığortasını nəzərdə tutur. Burada söhbət avtomobilin kompleksləşməsinə daxil olan avadanlıqlardan deyil, sonradan quraşdırılan avadanlıqlardan gedir (məsələn, avtomaqnitola, siqnalizasiya və peyk sistemi, televizor və s.).

Sizin avtomobiliniz üçün kasko və ya mülki məsuliyyətin məcburi sığorta polisi neçəyə başa gələcəkdir?

Mülki məsuliyyətin məcburi sığorta polisinin qiyməti dövlət tərəfindən müəyyən edilir və bütün sığorta şirkətləri üçün eynidir. Həmin qiymət ayrı-ayrı şirkətlərdə müxtəlif ola bilməz. Əgər sizə mülki məsuliyyətin məcburi sığorta polisini onun əsl qiymətindən iki dəfə ucuz təklif edirlərsə, bilin ki, həmin polis saxtadır. Polisin üzərində su nişanları olmalıdır. Siz polisin saxta olmadığına əmin olmaq üçün sığorta şirkətinə zəng vura bilərsiniz. Polisin yuxarı sol küncündə həmin şirkətin ştampı, yuxarı sağ küncündə isə polisin nömrəsi olur.

* Avtokasko polisinin qiyməti avtomobilinizin markasından, buraxılış ilindən, sizin sürücülük stajınızdan və avtomobilinizi sürəcək bütün şəxslərin yaşından, avtomobilə quraşdırdığınız oğurlanmağa qarşı siqnalizasiya sistemindən asılıdır. Bir qayda olaraq, bütün sığorta şirkətləri avtomobildə, heç olmasa, ən sadə elektron siqnalizasiyanın olmasını tələb edirlər, amma oğurlanma ehtimalı daha böyük olan nüfuzlu modellərdə daha sanballı siqnalizasiyanın olması tələb edilir.

Sığorta brokeri kimdir? Onun xidmətindən istifadə sizin üçün nə dərəcədə sərfəlidir?

Sığorta brokeri müştəri ilə sığorta kompaniyası arasında aralıq halqadır. Qoy bu sözlər sizi çaşdırmasın, belə ki, sığorta brokerinin xidmətindən istifadə etməyiniz avtomobilinizin sığortasının dəyərini artırmır, əksinə, azaldır. Bu onunla izah olunur ki, sığorta şirkəti üçün “topdansatış” prinsipi ilə işləmək daha əlverişlidir, buna görə də şirkət sığorta brokerinə haqq ödəyir, özü də sığorta agenti ilə müqayisədə sığorta brokerinin haqqı xeyli yüksək olur.

KASKO sığortasının dəyəri nədən asılıdır?

Kasko sığorta polisini almaq üçün sığorta kompaniyasına müraciət edərkən nəzərə alın ki, sığortanın dəyərinə təsir göstərən amillərin heç də hamısı “dəqiqliklə” reqlamentləşdirilməyib. Kasko sığorta polisinin dəyərini müəyyən edən bəzi mühüm amillər vardır ki, onlar bizim özümüzdən asılıdır.
Bu cür “əlverişli” amillərdən biri sizin avtomobilinizin markası və modelidir. Avtomobil nə qədər ucuz olarsa, onun qaçırılma ehtimalı da bir o qədər az olur və təmiri kifayət qədər az vəsait tələb edir. Müvafiq surətdə, onun sığorta tarifi də aşağı olur. Adətən sığorta kompaniyaları KASKO sığorta polisinin qiymətini müəyyənləşdirərkən avtomaşının dəyərinə əsas oriyentir kimi baxırlar. Lakin söhbət xeyli müddət istismar olunmuş avtomobillərdən getdikdə, adətən onların bazar dəyəri müxtəlif olur. Avtomobilinizin sığorta xərclərini azaltmaq üçün ərizənizdə onun bazar dəyərinin aşağı həddini göstərməlisiniz.

Burada avtomobilin buraxıldığı il də rol oynayır. Həmin il nə qədər çoxdursa, sığortalamanın dəyəri bir o qədər böyük olur. Bəziləri belə bir fənd işlədirlər: onlar bir sığorta kompaniyasını digəri ilə – həmin kompaniya ilə rəqabət aparan sığorta kompaniyası ilə dəyişirlər. Belə hallarda bəzi sığorta kompaniyalarının sığorta olunanlar üçün müəyyən etdiyi güzəşt 10%-ə çata bilər. Əgər sizin avtomobil zəmanətli təmirdən çıxıbsa, siz yol-nəqliyyat hadisəsindən sonra onu hansı avtoservisdə təmir etdirəcəyinizi özünüz seçə bilərsiniz, lakin bu cür KASKO sığortası sizə 20% baha oturacaq.

Sığorta müqaviləsində ziyanın sığorta kompaniyası tərəfindən ödənilməyəcək hissəsinin məbləğini nəzərdə tutan franşiz (bu terminə “françayz” da deyirlər) müəyyən edilə bilər. Bir qayda olaraq, bu, 100 dollarla 500 dollar arasında olan konkret məbləğdir. Əgər yol-nəqliyyat hadisəsi zamanı avtomaşına dəyən ziyanın həcmi həmin məbləğin hüdudlarından kənara çıxmırsa, onda avtomaşınınızı təmir etdirmək sizin öz öhdənizə düşür. Amma avtomobilə dəyən ziyanın həcmi böyük olsa belə, sığorta kompaniyası ziyanın məbləğinin hamısını ödəməyəcək, franşizin məbləğini ziyanın ümumi məbləğindən çıxacaq. Franşizdən istifadə sayəsində sizin qənaət etdiyiniz vəsait sığorta dəyərinin 7%-indən 30%-inə qədər məbləğ təşkil edir, amma franşizdən istifadə edərkən unutmayın ki, bu zaman ziyana görə müəyyən məbləği özünüz ödəməli olacaqsınız.
Sığortanın dəyərinə təsir göstərən başqa amillər də vardır, məsələn, digər əmlakın (misal üçün, mənzilin) sığortası zamanı güzəştlər, avtomobilin gecə vaxtı qarajda və ya mühafizə olunan avtomobil dayanacağında saxlanması və s.

Qeyri-sığorta hadisələri

Fərz edək ki, siz avtomobil alarkən onu sığortalamışsınız və avtomaşını rahatca sürürsünüz. Siz tam əminsiniz ki, bir şey baş versə, etibarlı sığorta kompaniyası sizin düşdüyünüz zərəri ödəyəcəkdir.
Lakin gəlin birlikdə düşünək. Hansı halın sığorta hadisəsi olması tamamilə aydındır: əgər avtomobil yol-nəqliyyat qəzasına düşübsə, üçüncü şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində, habelə üzərinə kənar əşyaların düşməsi ucbatından, eləcə də təbii fəlakət səbəbindən və sair təsadüfi hallar ucbatından zərər çəkibsə, onda siz ziyanın əvəzinin ödənilməsini tələb edə bilərsiniz. Lakin elə hallar da vardır ki, onlar qeyri-sığorta hadisələri sayılır. Avtomobili sığorta etdirərkən bu məsələyə xüsusi diqqət yetirmək lazımdır.
Həqiqətən sığorta qaydalarında belə bir bənd vardır ki, qəza zamanı siz spirtli içkinin təsirindən sərxoş vəziyyətdə olmuşsunuzsa. Bu, qeyri-sığorta hadisəsidir və belə hallarda sizə sığorta ödənişi ödənilmir.

Lakin bəzi sığorta kompaniyaları qəsdən qaydaları dumanlı şəkildə formula edirlər, bu isə onlara imkan verir ki, sığortalanmış avtomobillərin sahiblərinə tam qanuni əsasla heç nə ödəməsinlər. Məsələn, sığorta qaydalarının bir bəndində yazıla bilər ki, siz yol hərəkəti qaydalarını pozmuşsunuzsa, onda yol-nəqliyyat qəzasının baş verməsi sığorta hadisəsi deyil. Amma nəzərə almaq lazımdır ki, praktiki olaraq bütün qəzalar yol hərəkəti qaydalarının pozulması nəticəsində baş verir.
“Fors major” hallarına həsr olunan bəndə də diqqət yetirin. Belə hallara adətən nüvə partlayışı və ya radioaktiv şüalanma, hərbi əməliyyatlar, bəzən də kütləvi iğtişaşlar aid edilir. Lakin son bir neçə ildə vərdiş etdiyimiz kütləvi iğtişaşlar bizim üçün daha “fors major” halı deyil. Bununla belə, istənilən sığorta kompaniyası kütləvi iğtişaşları da “fors major” halı hesab etməyə çalışır, yəni belə halların nəticələrinə görə məsuliyyət daşımaq istəmir.

Qeyri-müəyyən ifadələr xüsusilə təhlükəlidir. Məsələn, “əgər sürücü yol-nəqliyyat hadisəsindən yaxa qurtara bilərdisə, lakin bunun üçün mümkün olan bütün tədbirləri görməyibsə”, yaxud “sürücü yol nişanlarının, eləcə də yol polisi əməkdaşlarının göstərişlərinə əməl etməyibsə” kimi ifadələr buna misal ola bilər. Əlbəttə, bu cür hallarda yol-nəqliyyat hadisəsi baş verdikdə sığorta kompaniyası məsuliyyəti çiynindən kənara atmaq üçün bəhanə tapacaq və həmin ifadəyə istinad edərək sizi borclu çıxaracaqdır. Belə halda sığorta ödənişindən əlinizi üzə bilərsiniz. Buradan belə nəticə çıxır ki, sığorta müqaviləsini rəsmiləşdirərkən tənbəllik etməyərək sığorta kompaniyasından bütün qeyri-dəqiq məqamlarla bağlı izahat istəmək və müqavilədə qeyri-müəyyən ifadələrin olmamasına çalışmaq lazımdır.

Mənbə: Avtomobil.az jurnalı
 

Avtomobil həvəskarlarının diqqətinə:
CS 95 modeli ilə bütün gözlər üzərinizdə olacaq! Elə indi sınaq yürüşünə yazıl, avtomobil ilə yaxından tanış ol.


Davamı →

On qəribə sığorta hadisəsi

Əksər Qərb turistləri səyahətə çıxmamışdan əvvəl Travel İnsuranse adlı xüsusi sığorta alırlar. Bu cür sığorta səyahət zamanı dəymiş itkiləri bağlayır. Və bəzi sığorta halları marağa səbəb olur.
1. Biskay körfəzinə səyahətə çıxan bir pensiyaçı heç də dəniz xəstəliyinə hazır olmamışdı. Qusma refleksindən azad olmaq istəyən bu qoca gözlənilmədən özünün qoyma dişlərini itirmişdir. Sığorta şirkəti onun yeni dişlərinin pulunu ödəmişdir.
2. Uels meşələrinə turist gəzintisinə yollanan ailə cütlüyünün bəxti gətirməmişdir. Onların açıq sahədə quraşdırılmış çadırına yaxınlıqda yerləşən aviabazadan desant düşmüşdür. Çadır tamamilə məhv olmuş, lakin sığorta şirkəti dəymiş zərəri ödəməkdən imtina etmiş və bildirmişdir ki, bu sığorta bədbəxt hadisələrin qiymətini ödəmir.


Ardı →

İşdə sığortalanmağın əhəmiyyəti

Bu ildən əmək müəssisələrində işəgötürənlər işçilərlə icbari sığorta müqaviləsinin bağlanmasını mütləq qaydada təmin etməlidirlər. Əks halda onlara qarşı «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» Azərbaycan Respublikası Qanununa əsasən müəyyən sanksiyalar tətbiq edilə bilər.


Ardı →

Uşağımıza peyvənd vuraqmı? (2)

Statistik nəticələr buradadır.
Dövlət peyvəndlənməni məcburi etdirir
Çünki dövlət vətəndaşlarına kütlə halında baxır və aralarında fərq qoymur. Belə bir misal göstərək: Deyək ki, 10 uşağınız var, və onların elə bir xəstəliyə tutulma ehtimalı var ki, 5-i hökmən xəstələnəcək. Peyvənd isə 10% halda özü xəstəlik törədir. Əgər hamısına peyvənd vursanız, onundan biri peyvənddən xəstələnəcək, belə halda birini qurban vermiş olarsınız. Amma, adətən, bizim 1-2 uşağımız olur. Biz də uşağı durduğumuz yerdə riskə atmaq istəmirik.

Digər tərəfdən, xaricdə sığorta firması hesablayıb baxır ki, xəstəni sağaltma xərcləri vurulan peyvəndlənməyə sərf olunan puldan çox olduğu üçün bəri başdan hamını peyvəndləyir ki, xərci çox çıxmasın.

Donuz qripi kimi yalançı hay-küy qaldıraraq, satılan peyvəndlərdən qazanc əldə etmək məqsədləri də olub.

Nə var ki, dünyada çiçək xəstəliyi peyvəndlənmə nəticəsində yoxa çıxıb, indi də səhiyyə təşkilatları istəyirlər ki, bütün məşhur yoluxucu xəstəlikləri yer üzündən silsinlər.
Davamı →